TEATR | Qacar ruhuna açar - FOTOSESSİYA

TEATR | Qacar ruhuna açar - FOTOSESSİYA
  02 Oktyabr 2013    Oxunub:6448
Tamaşaya baxandan sonra düşünürsən, Fuad Poladov məhz Qacarı oynamaq üçün qocalıb...
Ədəbiyyatın tarixi hadisə və şəxsiyyətlərə qiymət verməyə nə dərəcədə haqqı çatır, bilmirəm, ancaq məncə, quru faktları sevən tarixlə müqayisədə ədəbiyyat daha emosional və subyektivdir. Buna görədir ki, ədəbiyyat çox zaman hakimiyyətlərin əlində təbliğat maşınına çevrilə, təhrif edə və bu təhrifə inandıra bilir.

Oxucu, tamaşaçı üçün də çoxcildli romanı oxumaq və ya 2 saatlıq filmə baxmaq, o tarixi şəxsiyyətin həyatını araşdırmaq, ona yaşadığı tarixi şəraitə və dövrə görə qiymət verməkdən qat-qat asan və həzm olunandır.

Filmlər bu mənada daha “məsumdur” çünki filmi izlədikdən sonra tamaşaçının beynində tarixi şəxsiyyət ziddiyyətləri və dövrü ilə deyil, sadəcə silueti ilə yadda qalır.

Təsadüfi deyil ki, çoxları orta məktəb dərsliklərində Nəsiminin və ya Babəkin şəkli ilə qarşılaşanda təəccüblənir və ya Tayvan telekanallarından biri tamaşaçılara eks baş nazir Marqaret Tetçerin ölüm xəbərini Meril Stiripin “Dəmir ledi” filmində canlandırdığı Tetçer obrazının fonunda verir. Çünki tamaşaçı üçün Nəsimi daha çox Rasim Balayevdi, Frida daha çox Salma Hayekdi, Edit Piaf daha çox Marian Kottiyardı, İsgəndər isə daha çox Kollin Farreldir...

Ədəbiyyat isə obraz, qəlib yaradır, oxucu ya 120 səhifəlik pyesi oxuyub dünyanı lərzəyə salan bir fatehin üstündən xətt çəkir, ya “Boleyn nəslindən daha bir qız” romanından sonra VIII Henrixin 38 illik hakimiyyəti onun beynində yalnız saray intriqaları və sevgi macəraları ilə assosiasiya olunur ya da oxucu Puşkinin şeirlərində, yoxsa Tolstoyun “Hərb və sülh”ündə oxuduğu Napoleonun daha real və həqiqi olduğuna qərar verməyə çalışır.

Azərbaycan oxucusu da artıq 76 ildir ki Ağa Məhəmməd Şah Qacara “Mənim vicdanımda da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır” misralarının arxasında baxır. Azərbaycan tamaşaçısı vurğunu olduğu Vurğun poeziyasına tarixi faktların ifrat təhrifini bağışlayır və sıravi azərbaycanlı Ağa Məhəmməd şahı məhz “Vaqif” dramından oxuduğu qaniçən və zülmkar Qacar kimi tanıyır.

Bütün deyilənlərə rəğmən dramaturq Əli Əmirli 76 illik streotipləri dağıtmaq üçün “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” adlı iki hissəli tarixi dramını yazdı. Qacarlar sülaləsinin 146 il davam edən hökmranlıq tarixinin əsasının qoyan, cinayəti cəzasız, xidməti mükafatsız qoymayan Xacə şahdan yazdı...

Məmləkəti aldın məndən, sahib durdu müxənnəs
Ey Allahım qadındırmı, kişidirmi bilinməz !..


Başına qoyduğu tacı və fəth etdiyi torpaqları qorumaq dərdində olan sələflərindən fərqli olaraq Ağa Məhəmməd 55 illik ömrünün böyük bir hissəsini daha ağır bir yükü daşımaqla keçirib. Bu yükə və rəqiblərinin hər fürsətdə üzünə çırpdığı naqisliyinə rəğmən, Şərqdə taxta çıxan yeganə xacə olub. Bəlkə də xacə olmasaydı Ağa Məhəmməd heç vaxt Şah Qacar ola bilməzdi...

Kərim xan Zəndin hüzurunda girov kimi 16 il səbrlə, etiraz etmədən gözləyib, bu 16 ildə heç kim Ağa Məhəmmədin dilindən atasının qatili Kərim xanın ünvanına bir kəlmə belə mənfi söz eşitməyib. Qacar öz zamanını gözləməyi bacarıb... Qisas almağı da...

Şahlığa çatandan sonra Tehranda girov ikən ona hər gün köhnə yağ satan baqqalı qaynar yağ qazanında edam edəndə də Qacar idi, onun yerinə göz dikən Hüseynqulunun oğlu Baba şahı varis elan edən də...

Taxt-tac savaşında Nadir şah, II İsmayıl, Şah Abbas, Pyotr kimi bütün orta əsr hökmdarları övladlarına belə rəhm etməyib. Rəhm etməyə övladı belə olmayan Qacarın hələ şah deyilkən kömək istəyəndə ondan Mazandaran və Gilan hökmranlığını tələb edən kiçik qardaşı Cəfərqulunun ölümünə fərman verməsi təəccüb doğurmamalıdır...

Əli Əmirlinin yazdığı və xalq artisti Azərpaşa Nemətovun Dram teatrının səhnəsində quruluş verdiyi Şah Qacar da məhz belə ziddiyyətlidir. İlk hissənin ortalarında tamaşaçı onun uşaqlıq xatirələri və ilk sevgisindən təsirlənir, ona acıyır, hissənin sonunda isə qardaş qatili Qacara nifrətlə baxır.

Qacara yoxsa, 65 ildir Ağa Məhəmməd şah Qacarı oynamaq üçün yol gələn Fuad Poladova... Tamaşaya baxandan sonra düşünürsən, Fuad Poladov məhz Qacarı oynamaq üçün qocalıb...

Anası Ceyran xanımın (Laləzar Mustafayeva) ayaqlarına sığınanda, Kərim xan Zəndin (Məmməd Səfa) ruhu ilə danışanda və Cəfərqulunun (Anar Heybətov) yalvarışlarına “yüz dəfə yox, min dəfə yox” deyə hayqıranda Fuad Poladovun Qacarı nə qədər çarəsizdirsə, əslində özünə bənzətdiyi, boynundan zınqırov asılan, nə cütləşə nə də ölə bilən tülkü haqqında danışanda və öz səsi ilə ulayanda o qədər vahiməli və sui-qəsd xəbərini gətirən əmirlərin edam cəzalarını elan edəndə bir o qədar qorxuludur...

Tamaşada Şeyx (Vidadi Həsənov), Şuşa ruhanisi (Ayşad Məmmədov) və elə Qacarın dilindən səslənən sərrast fikirlərdə bir Şərq müdrikliyi, tamaşada səslənən musiqilərdə ( Siyavuş Kərimi) bir Şərq dəbdəbəsi var... Ömrünün yarıdan çoxunu elmə sərf edən Qacarın isə bu kəlamlar qarşısında təmkinli və ecazkar cavabı... Xub, xeyli xub...

Sadə səhnə tərtibatı və düzgün qurulan işıq effektləri tamaşaçıya gözünü səhnədən ayırmaq fürsəti vermir, hadisələr o qədər sürətlə cərəyan edir ki, sən bəzən Qacarı anlamağa,bəzən haqq qazandırmağa bəzənsə ittiham etməyə belə vaxt tapmırsan... Tamaşanın sonunda isə düşünürsən, həm şahlığı, həm də mənəvi köləliyi eyni anda daşıyan Qacarı ittiham etməyə haqqım varmı ?..

Azərbaycan tamaşaçısı üçün həm yeni həm də tanış qəhrəman olan Şah Qacar yeni mövsümdə Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan ilk premyera oldu. Azərbaycan teatrı illərdir belə premyera, teatrın divarları isə bu alqış və “Bravo” sədaları üçün darıxmışdı. Gurultulu alqışlar, səhnəyə axan gül dəstələri və bir neçə hissin qarışdığı baxışlar... Bir də, bir də yorğun gözlər və razı təbəssümlə sənə baxan Fuad Poladov, yox, yox Qacar...

Leyla Əliyeva
FOTOLAR: Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti